Alternativ Enerji ilə Yaradıcılıq

Hər müəllimin yaddaşında xüsusi yer tutan dərslər olur. Elə dərslər ki, keçdikdən sonra da sinifdəki atmosferi, uşaqların gözlərindəki marağı və ortaya çıxan enerjini unuda bilmirsən. Mənim üçün belə dərslərdən biri STEAM modeli çərçivəsində keçirdiyim “Alternativ enerji mənbələri” mövzusunda layihə dərsi idi.

Həmin gün sinfə bir neçə günəş paneli, kabel, batareya və kiçik ventilyatorlarla daxil oldum. Şagirdlər nələrin baş verəcəyini maraqla gözləyirdi. Dərsə sadə, amma düşündürücü bir sualla başladım: “Günəşi yalnız işıq və istilik mənbəyi kimi tanıyırıq. Bəs o, daha nələrə qadirdir?” Cavablar gecikmədi: “Ev isidə bilərik”, “Telefon doldura bilərik”, “Kalkulyatorlar da günəş enerjisi ilə işləyir!” Bu sadə sual dərsin istiqamətini müəyyənləşdirdi.

Tapşırıq aydın idi: günəş enerjisi ilə işləyən ventilyator düzəltmək. Ancaq məqsəd yalnız texniki nəticə deyildi. Mən uşaqların birlikdə işləməsini, yaradıcı düşünməsini, səhvlərdən qorxmadan irəliləməsini istəyirdim. Onların yalnız dərsi deyil, özlərini kəşf etmələrini arzulayırdım.

Şagirdlər qruplara bölünüb işə başladılar. İlk mərhələni “xaotik yaradıcılıq” adlandırmaq olar: “Kabel bu tərəfə bağlansın?”, “Paneli günəşə tutmaq lazımdır?”, “Niyə fırlanmır bu ventilyator?” – suallar, çaşqınlıq, gülüş, həyəcan... Və bütün bu səslərin içində öyrənmə prosesi səssizcə axmağa başladı. Biri internetdə uyğun sxem axtardı, digəri əvvəlki təcrübəsini paylaşdı, kimisi sadəcə cəhd etdi. Mən isə müşahidə etdim – rəhbərlik etmədən, müdaxilə etmədən. Onların öz yollarını tapmalarını istədim.

Bir müddət sonra ilk ventilyator fırlandı. Balaca bir cihazın hərəkəti sinifdə böyük bir sevinclə qarşılandı. “İşləyir!”, “Bax, biz düzəltdik!” – bu qısa cümlələrdə o qədər qürur, heyrət və sevinc vardı ki, sanki dərsin məqsədinə çatdıq.

Layihənin sonunda qruplar hazırladıqları qurğuları təqdim etdilər. Biri dedi: “Bu ventilyator yayda elektrikə qənaət edəcək.” Digəri: “Təbiət düşərgəsində bizə çox lazım olacaq!” Onlar artıq sadəcə texnologiyanı yox, real həyatı düşünürdülər.

Bu dərsdən sonra bir daha əmin oldum: STEAM fənlərin inteqrasiyasından çox daha artıqdır. Bu, uşaqların özlərinə inamını artırır, düşüncələrini sərbəst ifadə etməyə imkan yaradır və onlara “Mən bacarıram!” hissini yaşadır. Texnologiya, elm və incəsənət bu dərsdə təkcə fənn deyil, uşaqların ifadə vasitəsinə çevrildi.