Layihə əsaslı öyrənmə: Biz bunu özümüz etdik!

Bəzən elə dərslər olur ki, insan təkcə yeni bilik qazanmır, həm də özünü kəşf edir. Bu yaxınlarda məktəbimizdə keçirdiyimiz layihə əsaslı dərs məhz belə bir təcrübə oldu – həm maraqlı, həm düşündürücü, həm də bizi öz bacarıqlarımızla üz-üzə gətirən bir proses.

Dərsimizin mövzusu “Təmiz enerji mənbələri” idi. Əvvəlcə bu mövzu mənə adi və tanış göründü. Amma müəllimimiz dərsin layihə formatında keçiriləcəyini elan edəndə marağımız dərhal artdı. Biz qruplara bölündük və hər qrup müəyyən bir enerji növü üzərində işləməli oldu. Komandamıza “günəş enerjisi” mövzusu düşdü. Tapşırıq isə kifayət qədər məsuliyyətli idi: mövzunu araşdırmaq, maket hazırlamaq və sinif qarşısında təqdimat etmək.

Araşdırmalara başladıqca mövzunun düşündüyümüzdən də maraqlı və əhatəli olduğunu gördük. Günəş enerjisi təkcə günəş panellərindən ibarət deyil, o, eyni zamanda təmiz və davamlı gələcəyin simvoludur. Bu ideya bizə motivasiya verdi və daha həvəslə işləməyə başladıq. Evdə istifadəsiz qalan əşyalardan – plastik qutulardan, kiçik güzgülərdən, kağız və digər materiallardan ibarət maket düzəltdik. Ən önəmlisi isə budur ki, bütün işi özümüz gördük!

Hazırlıq mərhələsində hər kəsin rolu aydın idi: biri texniki hissəni araşdırdı, biri vizual dizayn üzərində çalışdı, digəri isə təqdimat mətnini yazdı. Mübahisəli məqamlar da oldu, fikir ayrılıqları da yaşadıq, amma bütün bunlar bizə əməkdaşlıq etməyi, bir-birimizi dinləməyi və ortaq qərara gəlməyi öyrətdi.

Təqdimat günü sinifdə xüsusi bir həyəcan hökm sürürdü. Hər qrup işini böyük maraq və yaradıcı yanaşma ilə təqdim edirdi. Hər layihədə zəhmət, fikir və komanda ruhu hiss olunurdu.

Bu dərs mənim üçün sadəcə bir mövzunun öyrənilməsi deyil, həm də öyrənməyin fərqli bir dəyər qazanması demək idi. İndi başa düşürəm ki, dərs yalnız qeydlər aparmaq və dinləməkdən ibarət deyil. Mən artıq təkcə məktəbli deyil, eyni zamanda fikir və təşəbbüs sahibi bir fərd olduğumu hiss edirəm.