21–22 fevral tarixlərində Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “FIRST LEGO League Challenge” Respublika turniri həyata keçirilib.

21–22 fevral tarixlərində Elm və Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “FIRST LEGO League Challenge” Respublika turniri həyata keçirilib.
Turnirin əsas məqsədi şagirdlər arasında elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrinə marağın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması, komanda işi və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi olub.
Respublikanın müxtəlif regionlarını təmsil edən komandalar turnirdə iştirak edərək əvvəlcədən müəyyən edilmiş mövzu çərçivəsində hazırladıqları innovativ layihələri və robot proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar robot dizaynı, robot oyunu, innovasiya layihəsi və əsas dəyərlər kateqoriyaları üzrə qiymətləndiriliblər.
İki gün davam edən turnir çərçivəsində komandalar həm texniki biliklərini, həm də təqdimat və əməkdaşlıq bacarıqlarını sərgiləyiblər. Münsiflər heyəti tərəfindən qiymətləndirmə beynəlxalq FIRST meyarlarına uyğun şəkildə aparılıb.
“FIRST LEGO League Challenge” turniri şagirdlərin erkən yaşlardan mühəndislik və innovasiya sahələrinə yönləndirilməsi, onların qlobal səviyyədə rəqabətədavamlı bacarıqlara yiyələnməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“STEAM Azərbaycan” layihəsi gələcəkdə də şagirdlərin potensialının üzə çıxarılması və onların texnologiya yönümlü inkişafının dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Qalereya