Bakı Ekspo Mərkəzində Yaşıl SAF 2024!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.
Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub.
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər. Festivalda iştirak üçün qeydiyyatın başlandığı tarix elan edildikdən sonra komandalar müvafiq kateqoriyalar üzrə qaydalarla tanış olur və müraciət etmək istədikləri kateqoriya üzrə festivalın rəsmi veb-səhifəsində qeydiyyat formasını doldura bilərlər.

Qalereya