Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 24-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçiriləcək.
Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsi məqsədlər sırasındadır. 
Bu il artıq 4-cü dəfə keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2024) 8 yarış və 1 sərgi-yarış (Yaşıl təşəbbüslər) kateqoriyası üzrə yarışlar təşkil olunacaq.
Kateqoriyalara “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” daxildir. 
Festivalda yerli komandalarla yanaşı, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya, ABŞ və digər xarici ölkə komandaları da yarışacaqlar. 
Qeyd edək ki, STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Daha ətraflı məlumat üçün: https://saf.steam.edu.az

Qalereya