“FIRST LEGO League Explore” Respublika turniri təşkil olunub.

10 iyun 2026-cı il tarixində STEAM İnnovasiya Mərkəzində “FIRST LEGO League Explore” Respublika turniri təşkil olunub.
Turnir ölkənin müxtəlif regionlarından olan 50-dən çox komandanı bir araya gətirərək onların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrində qazandıqları bilik və bacarıqları nümayiş etdirmələri üçün mühüm rol oynayıb.
Beynəlxalq FIRST proqramının tərkib hissəsi olan “FIRST LEGO League Explore” 7-9 yaşlı şagirdlərin komandalar şəklində çalışaraq real dünya problemlərini araşdırmalarını, innovativ həllər təqdim etmələrini və LEGO Education konstruksiyaları vasitəsilə layihələr hazırlamalarını təşviq edir.
Turnir çərçivəsində iştirakçı komandalar mövsüm mövzusu üzrə hazırladıqları layihələri və LEGO modellərini münsiflər heyətinə təqdim ediblər. Komandalar yaradıcılıq, komanda işi, problem həll etmə bacarıqları, təqdimat keyfiyyəti və mühəndislik yanaşmaları əsasında qiymətləndirilib.
Tədbirin əsas məqsədi uşaqlarda erkən yaşlardan tədqiqatçılıq, innovativ düşüncə, əməkdaşlıq və texnoloji savadlılıq bacarıqlarının formalaşdırılmasına töhfə vermək olub.

Qalereya