Quba STEAM Mərkəzi fəaliyyətə hazırdır.

Təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla birlikdə Quba şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak ediblər. Quba STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.

Açılış mərasimindən sonra nazirlər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Emin Əmrullayev türkiyəli həmkarına ölkəmizin ümumi təhsil müəssisələrində icra olunan "STEAM Azərbaycan" layihəsi barədə ətraflı məlumat verib.

Daha sonra ölkəmizin təhsil ictimaiyyəti və ekspertlərin iştirakı ilə “Açıq dərs” təşkil olunub. 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə start götürüb. Təhsil naziri Emin Əmrullayev və milli təhsil naziri Ziya Selçuk təhsil sahəsinin inkişafı ilə bağlı fikirlərini bölüşüb, gənclərə öz tövsiyələrini veriblər. Hər iki nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Quba ş. Fizika, riyaziyyat və informatika təmayüllü liseyi ilə yanaşı, Şirvan ş. Kimya-Biologiya Təmayüllü Respublika liseyin, Bakı Avropa Liseyin, eləcə də Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzi yaradılıb. Hazırda Gəncə şəhərində bu cür mərkəzin tamamlanma işləri gedir.

STEAM mərkəzlərin sayının il yarım ərzində 15-ə çatdırılması nəzərdə tutulur.

Qalereya