Fevralın 9-da Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyinin nəzdindəki STEAM mərkəzi ilə tanışlıq olub.
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. Emin Əmrullayevin sözlərinə görə, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Nazir diqqətə çatdırıb ki, mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.
Bildirilib ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihə hazırda 147 ümumtəhsil məktəbdə tətbiq olunur və 25 000-dən çox şagird, 800 müəllimi əhatə edir.
Qeyd edək ki, Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika liseyi ilə yanaşı, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyi, eləcə də Abşeron rayonu Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzi yaradılıb. Gəncə və Quba şəhərlərində isə bu cür mərkəzlərin layihələndirilməsinə başlanılıb. Bu mərkəzlərin sayının 10-a çatdırılması nəzərdə tutulur.