STEAM Innovasiya Mərkəzi

STEAM Innovasiya Mərkəzi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

 

“STEAM İnnovasiya Mərkəzi”nin dördmərtəbəli yeni binasının ilk üç mərtəbəsi Elm Muzeyi konseptində hazırlanıb.
4-cü mərtəbəsi isə müxtəlif STEAM modullarının məzmununa uyğun şagirdlər və tələbələr üçün fəaliyyət zonası kimi nəzərdə tutulub.
Mərkəzdə aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, ideya emalatxanası, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR/AR otaqlar, STEAM TV studiyası, Elm Teatrı üçün geniş zal mövcuddur.
 

Diqqətə çatdırıldı ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.

Məlumat verildi ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.

Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Qalereya